Mühüm açıqlama: Aşağıdakı 30 maddə içərisində ailə həyatına aid məlumatlar olduğuna görə İslam alimləri bu məlumatların tək başına olaraq oxunmasını buyurmuşlar!..

KİŞİNİN QADINA QARŞI OLAN VƏZİFƏLƏRİ

Kişinin qadına qarşı olan vəzifələrindən “Mərifətnamə” kitabında olduğu şəkildə aşağıdakı kimidir:

- Ey əziz. Kişinin xanımı ilə münasibətində 30 şeyə əməl etməsi lazımdır:

1.Ona qarşı hər zaman gözəl xasiyyətli olmalıdır. [Allahu təala gözəl xasiyyətli olanları sevər, xasiyyəti pis olanları sevməz. Bir insanı incitmək haramdır. İşgəncə edənin evlənməsi haramdır.]

2.Onunla hər zaman mülayim davranmalıdır. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki, “Müsəlmanların ən yaxşısı, ən faydalısı xanımına qarşı yaxşı və faydalı olandır”.

3.Evə gələndə xanıma salam verməli, [yəni, səlamün aleyküm deməli] və “necəsən” deyə halını xəbər almalıdır.

4.Onu tənhada sevincli görüncə saçlarını tutub sığallamalı, gülərək öpməli və sarılmalıdır.

5.Tənhada qəmgin görüncə onu çox sevdiyini, halına acıdığını söyləyib halını soruşmalı, xoş sözlər söyləməlidir.

6.Yerinə yetirə bilməyəcəyi şeyləri belə söz verib könlünü almalıdır. Çünki, o, evində qapalı, başqalarından ümidsiz və yalnız ona alışmış olan dostu, dərd yoldaşı, çörək gətirəni, onu sevindirən, uşaqlarını yetişdirən və ehtiyaclarını qarşılayandır.

7.Uşaqları tərbiyə etməkdə ona kömək etməlidir. Çünki körpə gecə-gündüz ağlayıb anasına heç rahat verməz. Onu insafsızca üzən bir alacaqlıdır. Ona görə də ona imdad edənə Allahu təala yardım edər.

8.Xanımına ölkədə adət olan paltarın, geyimin ən qiymətlisini geydirməlidir. Ev içində hər istədiyi gözəl şeyləri geydirməlidir. Evdən çıxarkən bunları da örtməli, yadlara göstərməməlidir.

9.Yaxşı şeylər yedirməlidir. Zəngindirsə, halal olan hər şeyi almalıdır. Onu geniş, istifadəli, sağlam və islam xanımına yaraşan paltar və gözəl yeməklə təmin etməyi özünə borc bilməlidir. [İmam Qazali (rahmətullahi aleyh) “Kimyayı-səadət”in 141-ci səhifəsində deyir ki, “Zövcənin nəfəqəsini sıxmamalı, israf da etməməlidir. Ailənin nəfəqəsinə verilən pulun savabı sədəqə savabından daha çoxdur. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki: “Savaş üçün, kölə azad etmək üçün, kasıba sədəqə vermək üçün və evindəkilərin nəfəqəsi üçün sərf edilən qızılların ən üstünü və savabı çox olanı evin nəfəqəsinə (ehtiyac) verilən qızılın savabıdır.” İbni Sirin (rahmətullahi təala aleyh) buyurur ki, “Heç olmasa həftədə bir dəfə şirniyyat yedirməlidir”. Nəfəqə təmin etmədə aciz olanın evlənməsi haramdır. Yeməyi tək yeməməlidir. Ailə ilə yemək çox savabdır. Ən mühüm olan nəfəqəni halaldan qazanıb halaldan yeməlidir).]

10.Xanımını döyməməlidir. “Dürr-ül-muxtar” 3-cü cild, 188-ci səhifədəki günahlardan birini işlərsə, onu təzir etməsi, ədəbləndirməsi caiz olur isə də, yenə vacib olmaz. [Bəzi insanlar Nisə sürəsinin 33-cü ayətində qadınların döyülməsi əmr olunur, deyirlər. Halbuki bu ayəti-kərimədə məalən, “Kişilər qadınlar üzərində hakimdirlər. Çünki, Allahu təala bəzi qullarını bəzilərindən  üstün yaratmışdır. Qadınların yaxşısı Allahu təalaya itaət edər və ərlərinin haqlarına riayət edərlər. Ərləri hazır olmadıqları zaman onların namuslarını və mallarını Allahın yardımı ilə qoruyarlar. Xəyanət etməsindən qorxduğunuz qadınlara zövcə haqlarını öyrədin və şirin sözlərlə nəsihət edin! Onları yatağınızdan ayırın. Yenə riayət etməzlərsə, yüngül döyün. Riayət edərlərsə, onları üzəcək şeylər etməyin!” buyurulur.  

Göründüyü kimi mala və namusa xəyanət etməyən qadınları döymək deyil, onları heç bir şəkildə üzmək caiz deyil. Xain olanları da yumruqsuz açıq əllə və ya düyünsüz açıq dəsmal ilə yüngül vuraraq islah etməyə izin verilmişdir. Namusa və mala xəyanət edənlərə hər hökumət, hər qanun ağır cəza vermişdir. İslamiyyət qadınlara çox qiymət verdiyi, çox mərhəmət etdiyi üçün xain olanlarını qanun qarşısında cavab vermədən əvvəl yüngül şəkildə vurmaqla islah edilmələrinin də təcrübə olunmasını əmr edir.

Bir hədisi-şərifdə buyuruldu ki, “Bir kişi zövcəsini döyərsə, qiyamətdə mən ona qarşı iddiaçı olaram”. Dünya işlərindəki qüsuru üçün döymək bir yana dursun, acı, sərt belə söyləməlidir.

Qadınların qəlbləri incə, zərif və hislərinə tabe olduğundan bir-birilərinə həsəd edənləri çoxdur. Bu baxımdan xüsusilə yeni evli olanlar oyanıq olmalı, ana, bacı və başqa qadınların xanımını dedi-qodu etmələrinə aldanmamalı, belə şeylər söylənməsinə fürsət verməməlidir. Belə sözlərə aldanaraq zövcəsini incitməkdən çox çəkinməlidir. Anası və bacısı üçün zövcəsinin dediklərinə qarşı da oyanıq olmalıdır. Anaya əziyyət olunmasına heç bir surətlə göz yummamalıdır. Anasına özü, zövcəsi və uşaqları hər bir halda hörmət etməlidir. Valideynlərə, qaynana və qaynataya hörmət, xidmət edilməsi birinci vəzifə olmalıdır. Böyüklərin rizasını, duasını almağa çalışmalı, xeyir-dualarını böyük qazanc bilməlidir].

11.Allahu təalanın əmrlərini  yerinə yetirmək xüsusunda olan qüsuru üçün bir gündən çox küsülü qalmamalıdır.

12.Xanımının pis xasiyyətlərini mülayim şəkildə qarşılamalıdır. Çünki qadınlar əyri qabırğa sümüyündən yaradılmışdır. Ağılları və dinləri kişilərdən azdır. Kişiyə əmanət olunmuşdur. Gülərək, xoşluqla yola getmək üçün alınmışdır. [Ağlı olan zövc və zövcə bir-birilərini üzməzlər. Həyat yoldaşını üzmək, incitmək axmaqlıq əlamətidir. Zalım, pis xasiyyətli insanın həyat yoldaşı davamlı üzülərək əsəbi pozular, əsəb xəstəsi olar. Əsəbi pozularsa, müxtəlif xəstəliklər hasil olar. Həyat yoldaşı xəstə olan bir şəxs məhv olmuşdur. Səadəti sona çatmışdır. Yoldaşının xidmətindən, yardımlarından məhrum qalmışdır. Ömrü onun dərdlərini dinləməklə, ona həkim axtarmaqla ona alışmamış olduğu xidmətləri etməklə keçər. Bütün bu fəlakətlərə, bitməyən sıxıntılara öz xasiyyəti səbəb olmuşdur. Dizlərini döyməkdədirsə də, təəssüflər olsun ki, bu peşmanlığın faydası yoxdur. Ona görə də ey müsəlman! Həyat yoldaşına qarşı xasiyyətinin, ona edəcəyin işgəncələrin zərərlərinin özünə də olacağını düşün! Ona qarşı hər zaman gülər üzlü, şirin dilli olmağa çalış! Bunu edə bilərsənsə, rahat və huzur içində yaşayar, Rəbbinin rizasını da qazanarsan!]

13.Xanımının əxlaqında bir dəyişiklik görərsə, qəbahəti özündə görüb, mən yaxşı olsaydım, o da belə olmazdı, deyə düşünməlidir. Övliyadan birinin zövcəsinin xasiyyəti pis idi. Buna səbr edər, soruşanlara deyərdi ki, əgər onu boşasam, onu səbr edə bilməyən bir nəfər alar, ikisinin birdən fəlakətə düşmələrindən qorxuram. Böyüklər (rahmətullahi təala aleyhim əcmain) buyurmuş ki, “bir şəxs ailəsinin əziyyətlərinə səbr edərsə, altı şey ziyandan qurtular: Uşaq kötəkdən, qab-qacaq sınmaqdan, axıra gedənlər döyülməkdən, pişik söyülməkdən, qonaq hirslənməkdən, paltar yırtılmaqdan qurtular”. Bunlar “Şirat-ülislam”da da yazılıdır.

14.Xanım hirslənərsə, susmaq lazımdır. Beləcə qadın peşman olub üzr istəyəcək. Çünki o, zəifdir. Susunca məğlub olar.

15.Xanımın yaxşılığı çoxalıb hər işi sevə-sevə edincə ona dua etməli və Allahu təalaya şükr etməlidir. Çünki uyğun bir qadın böyük nemətdir.

16.Xanımı ilə elə olmalıdır ki, ərim məni hər kəsdən çox sevir, bilsin.

17.Dükan, qəssab, bazar işlərini əsla ona həvalə etməməli, evin idarəsində onun fikrini soruşmalı, çöldəki böyük işləri söyləyərək onu üzməməlidir.

18.Xanımının cahil hərəkətləri üçün hər zaman oyanıq olmalıdır. Çünki, Adəm atamız (aleyhissəlatü vəssəlam) xanımı olan Həvva anamızın dəvəti ilə yanlış iş gördü.

19.Xanımının günah olmayan qüsurlarına qarşı özünü görməməzliyə vurmalıdır. Günah iş və sözdən vaz keçməsini və namaza, oruca və qüsl almağa davam etməsini şirin və mülayim sözlərlə nəsihət etməlidir. Qiymətli paltar və zinət əşyası alacağına vəd edərək, ibadətlərini etdirməli, günahlarının qarşısını almalıdır.  

20.Zövcəsinin ayıblarını, sirlərini hər kəsdən gizlətməlidir.

21. Xanımına lətifə, zarafat söyləməli və qadın kimi olub oyunlar oynamalıdır. Belə ki, Allahu təalanın sevgilisi (sallallahu aleyhi və səlləm) zövcələrinə qarşı insanların ən zərifi idi. Hətta bir dəfə Aişə (radıyallahu anhə) ilə yarış keçirdi. Aişə anamız keçdi. Bir dəfə də yarış keçirdikləri zaman Sərvəri-aləm (sallallahu aleyhi və səlləm) keçdi. Müsəlmanın ailəsi ilə oynaması boş və günah deyildir, savabdır.

İbni Abidin 5-ci cild 253-cü səhifədə deyir ki, “Oyun, əyləncə, yarış boş vaxt keçirməkdir. Nərd, şahmat, beşdaş oynamaq və bütün musiqi alətlərində ifa etmək və qulaq asmaq, rəqs, dans etmək, hoqqabazlıq, təlxəklik etmək, başqalarını lağa qoymaq, əl çalmaq hamısı oyundur və tahrimən məktuhdur. Davamlı edilərsə və ya fərzləri yerinə yetirməyə mane olarsa və qumar ilə edilərsə yekdilliklə haram olurlar. Dəf və qaval, ney çalmaq və dinləmək də bunlardandır. Hədisi-şərifdə, “Hər növ ləhv (oyun) haramdır. Yalnız zövcə ilə oynamaq, at və silah ilə təlim, yarış keçirmək caizdir” buyuruldu. Savaşa hazırlanmaq üçün güləşmək caizdir”. Futbol oynamaq müxtəlif səbəblərdən haramdır.

22. Xanımını küçə ortasında, parklarda, oyun yerlərində, idman zallarında, məktəblərin qarşısında olan evlərdə saxlamamalı, yad kişilərin görməsinə, onlarla söhbət etməsinə səbəb olmamalıdır. Məscidə yaxın və saleh müsəlman qonşular əhatəsində saxlamalıdır. [38-ci maddəyə baxın!] Saleh qonşular ər və xanımın bir-birilərinə zülm, işgəncə etmələrinə mane olarlar, nəsihət edərlər, kömək edərlər, məhkəmədə haqlı olana şahidlik edərlər. Belə məhəlləyə, belə şəhərə hicrət etmək vacibdir. Müsəlmanlar ailəsini yaxşı havada, otluq ərazilərdə, su kənarlarına, haram olmayan, sıxlıq olmayan yerlərə apararaq gəzdirməli, hava aldırmalıdır. Tətil günlərində, sıxlıq zamanlarda gəzdirməməlidir. Fisq məclislərinə aparmamalıdır. 1-ci qisimdə 52-ci maddənin sonuna baxın!

23. Zövcəsini islamiyyətin qadağan etdiyi şəkildə təhsilə, vəzifəyə, fitnəyə səbəb olan yerlərə göndərməməlidir. “Bəhcət-ül-fətava” sahibi (rahmətullahi təala aleyh) deyir ki, “qadınlar məsciddə kişilərə verilən moizələrə qulaq asmağa gedərlərsə, vəzifəli olanın onlara mane olması lazımdır”. [Mövlud dinləməyə gəlmələri də belədir].

“Hadiqa”da bütün bədənlə yerinə yetirilən günahların 32-cisində deyilir ki: Hür olan qadının yanında əri və ya əbədi məhrəmlərindən biri olmadan 104 km. uzağa getməsi haramdır. Qadınlar çox olsa da haramdır. Ya Rəsulallah, zövcəm həccə gedir deyildikdə, “Sən də onunla get” buyurdu. “Məhrəm” demək qadınla evlənmələri əbədi haram olan, soydan, süddən və ya nikahdan qohumları deməkdir. Bacının, xalanın, bibinin zövcələri məhrəm deyildir. Çünki, bu qadın onlarla evlənə bilər. Birinci qisim, 58-ci maddəyə baxın! Zimmi məhrəmi də müsəlman məhrəmi kimidir. Fasiq olan [pis insan] əmin olmayan və həddi-büluğa çatmamış kiçik məhrəmi ilə getməsi caiz deyil. Həddi-büluq olmamış göstərişli qızlar da qadın kimidir. Qadınların məhrəmsiz olaraq səfərə getmələrinin haram olduğunu hənəfi alimləri yekdilliklə bildirmişdir. Şafii məzhəbində əmin olunan qadınların toplu olaraq məhrəmsiz, yalnız həccə getmələri caizdir. Yanlarında heç bir kişinin olmaması və fitnə çıxmamasından əmin olmaları lazımdır. [Hənəfi məzhəbində olan qadınların Şafii məzhəbini təqlid edərək məhrəmsiz həccə getmələri caiz deyildir. Bir hənəfinin Şafii məzhəbini təqlid etməsi, ancaq bir fərzi yerinə yetirərkən və ya haramdan çəkinərkən qarşılaşdığı məcburiyyətdən, sıxıntıdan qurtulması üçün caiz olur. Caiz olduğu zaman da təqlid edilən məzhəbin bütün şərtlərinə riayət etməsi lazım olur. Həccin hamısını Şafii məzhəbinə görə yerinə yetirməsi lazım olur. Çünki bir ibadəti edərkən harac [sıxıntı] yox ikən iki məzhəbi qarışdırmaq “Təlfiq” olur. Müləffiqin ibadəti səhih olmaz, batil olar.]

24. Zövcəsinə Qurani-kərim oxumasını, fərzlərdən, haramlardan ona lazım olanları öyrətməlidir. [Həqiqət Kitabevinin kitablarını evə gətirib oxumasını təmin etməlidir.] Allahu təalanın əmrlərini və qadağalarını bilməyən fasiq [pis insan] və zövcəsinə və uşaqlarına öyrətməyən Cəhənnəmdə əzab çəkəcəkdir.

25. Xanımından iznsiz cinsi aktı dayandırmamalı, qadın boşalmayınca əlaqəni dayandırmamalıdır. İbni Abidin (rahimə-hullahü təala) nikahda qismət haqqında danışarkən deyir ki, “Bir dəfə cima (cinsi əlaqə) ilə zövcənin haqqı ödənmiş olur. Təkrarlamaq dinən vacibdir, hüquqən vacib deyil. Yəni, qadın hakimə müraciət edə bilməz. Təkrarını tələb etmək zövcənin də haqqı olub, tələb edincə zövcün üzərinə vacib olur. Bu xüsusda zaman və adət bildirilmədi”. İfratı bədənə, təfriti ruha zərəri vardır. Dörd gecədən çox boş buraxılmamalı deyildi. Hayz halında, yəni aybaşı vaxtı ona təkarrüb, yəni yaxınlaşmaq haramdır. Böyük günahdır. Adət (aybaşı) on gündən sonra kəsilərsə, qüsl etməsə belə əlaqə caiz olur. On gündən əvvəl lakin adət tamam olunca kəsilərsə qüsl etdikdən və ya bir namaz vaxtı keçdikdən sonra caiz olur. On gündən və adətdən əvvəl kəsilərsə, qüsl etsə də adəti olan günlər tamam olana qədər ailəsi ilə cima (əlaqə) caiz olmaz. Lakin, bu zaman içində namaz qılması və oruc tutması lazımdır. Birinci qisimdə 54-cü maddəyə baxın! 

26. Zövcə yalnız evdə zövcünə qarşı bəzənib başqa şəxslərə bəzənməməlidir. Zövcəsi və qızları açıq gəzən kişilər onlarla birlikdə Cəhənnəmə gedəcək, çox acı əzab çəkəcəkdir.

“Haləbi-yi kəbir”də deyilir ki, “Hür qadının ovuc içindən və üzündən və ayaqlarından başqa bütün bədəni övrətdir. Çünki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Qadın övrətdir. Açıq olaraq çıxarsa, şeytan gözlərini çox açaraq ona baxar” buyurdu. Ayaqlarına övrət deyənlər də oldu. Nur surəsindəki ayət-kərimədə məalən, “Müsəlman qadınlar zinət əşyalarını göstərməsinlər! İş görərkən zəruri açılanlar günah olmaz. Baş örtülərini yaxalarına qədər örtsünlər [Beləcə saçları, qulaqları və sinələri yaxşı örtülsün]” buyurulur. Ayəti-kərimədə “Zinət” yəni “bəzək”ləri örtsünlər demək, zinət taxılan, bəzənilən yerlərinizi örtün deməkdir. Açılması günah olmayan zinət yerlərinin üz ilə əl olduğunu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bildirdi. Yenə bu surədə “Qadınlar ayaqlarını yerə vuraraq gəzməsinlər ki, ayaqlarındakı örtülü zinətlərin səsləri eşidilməsin” buyuruldu. Ayaqların övrət olduğu buradan məlum olur.” Qadınların örtünmələri Qurani-kərimdə əmr olundu. Bunu qısqanc olan bəzi ərlər söyləmişdir demək doğru deyildir. Belə sözlər din cahillərinin hətta din düşmənlərinin müsəlman qadınlarını aldatmaq üçün etdikləri çirkin iftiralardır. Allahu təala Qurani-kərimdə hər şeyi açıq olaraq bildirmədi ki, din düşmənlərinin bu iftiralarının bir dəyəri olsun. Beş vaxt namazın neçə rəkat olduğu bildirilmədi. Bu fərzləri açıq olaraq Peyğəmbərimiz bildirmişdir. Peyğəmbərimizin bildirdiyi fərzlər və haramlar da Qurani-kərimdə açıq olaraq bildirilən fərzlər, haramlar kimi qiymətlidir.  Bunlara da inanmayan, qəbul etməyən dindən çıxar, kafir olar. Çünki Qurani-kərimin on yeddi yerində məalı-şərifləri, “Allahı sevirsinizsə mənə tabe olun! Mənə tabe olanları Allahu təala sevər” “Allaha və Rəsulə itaət edin. İtaət etməsəniz Allah kafirləri əlbəttə sevməz” olan ayəti-kərimələr vardır. Bu on yeddi ayəti-kərimə “Hadiqa”da və “Bəriqa”da uzun yazılmışdır. “Məcmaul-ənhür”dəki hədisi-şərifdə Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), “Hür qadının üzündən və iki əlindən başqa bütün bədəni övrətdir” buyurdu. Övrət yeri açıq olaraq kişilərin yanına çıxmaq və başqasının övrət yerinə ehtirassız belə baxmaq haramdır. Yad qadının üzünə də şəhvət ilə baxmaq haramdır. Hədisi-şərifdə, “Qadının harasına olursa olsun şəhvət ilə baxanın gözlərinə qiyamət günü əridilmiş qurğuşun töküləcək, sonra Cəhənnəmə atılacaqdır” buyuruldu. Yad gənc qadının əlini, üzünü əl ilə şəhvətsiz belə tutmaq haramdır. Hədisi-şərifdə, “Yad gənc qadının əlini tutanın əlinə qiyamət günü atəş doldurulacaqdır” buyuruldu. “Zəvacir”dəki hədisi-şərifdə, “Zövcün evindən başqa yerdə başını açan qadın Rəbbi ilə öz arasındakı pərdəni yırtmış olar” “Allaha və Qiyamət gününə inanan hamama getməsin və Allaha və Qiyamət gününə inanan şərab içməsin və Allaha və Qiyamət gününə inanan şərab içilən süfrədə oturmasın və Allaha və Qiyamət gününə inanan yad bir qadınla yalnız qalıb xəlvət etməsin” “Axır zamanda ümmətimin kişilərinin övrət yerləri örtülü olaraq da hamama getmələri haram olar. Çünki orada övrət yerləri açıq olanlar olur. Övrət yerlərini açanlara və başqasının övrət yerinə baxanlara Allah lənət eləsin!” “Göbəklə diz qapağı arası övrətdir” buyuruldu. Hənəfi məzhəbində kişinin dizi övrətdir. Açması haramdır. Şafidə diz övrət deyil. Maliki və Hanbəli məzhəblərində göbək də, diz də övrət deyil. Bu iki məzhəbdə yalnız səvətəyn övrətdir. Bu hadisi-şəriflər qarşısında müsəlman xanımlarının örtünmələri, çılpaq olanların olduqları yerə getməmələri lazımdır. [Müsəlmanların bina evlərində yaşamayıb, həyət evlərində müstəqil evlərdə yaşamaları və evlərindəki hamamlarda yuyunmaları uyğundur. Müsəlman kişilər toplu olaraq çılpaq olanların olmadığı tənha sahillərdə dənizə girər. Hənəfi və Şafii məzhəbində olan kişinin qüsl alması üçün və ya nəfəqəsini, haqqını qurtarması üçün və ya fitnə çıxmasının qarşısını alması, gərgin vəziyyətdə qalanda digər iki məzhəbi təqlid edərək dizlərini, budlarını örtməməsi caiz olar. Lakin gərgin vəziyyət keçincə bir dəqiqə belə açıq qalması haram olar. Qadınların gərgin vəziyyətlərdə məzhəb təqlid edərək heç bir yerlərini açmaları mümkün deyil. Çünki dörd məzhəbdə də qadınların hər yerini örtmələri lazımdır. Qadınları gərgin vəziyyətə salacaq səbəb də yoxdur.]

“Təfsiri Mazhəri” sahibi (rahmətullahi təala aleyh) Nur surəsinin təfsirində deyir ki, “Qadın ancaq zərurət olduğu zaman və başı, saçları, boynu və bütün bədəni örtülü olaraq çölə çıxmalıdır. Qadının çölə çıxması üçün zərurət ehtiyac maddələrini alacaq və dinini öyrədəcək heç kimi olmamasıdır. Baş örtüsü ilə üzünü də örtərək və bədənini örtəcək hər şəkildə parça ilə örtünərək çıxması caizdir. Burada üzünü kəliməsi başını deməkdir. Çünki üzü açıq çıxması dörd məzhəbdə də caizdir”. Buradan anlaşılır ki, Osmanlı dövlətinin son zamanlarında qadınların örtündükləri çarşab ilə örtünmələri şərt deyil. Geniş və dizdən aşağı manto, corab və baş örtüsü ilə örtünmələri də caizdir. 165-ci səhifəyə baxın! İmam Rabbani (rahmətullahi aleyh) birinci cildin, 313-cü məktubunda, “Bütün ərəb məmləkətlərində pirahən, yəni qamıs, yəni əntari deyilən uzun köynək geyən kişilərin də qadınların da çox olduğunu, qadın köynəklərin yaxası bağlı, kişi paltarının önü açıq, kamis olduğunu” yazmaqdadır. Ahzab surəsi qadınların “Cəlabib”lərindən bəzisi ilə örtünmələrini əmr etməkdədir. Cəlabib cilbablar deməkdir. Əbussuud əfəndi təfsirində deyir ki, “Cilbab baş örtüsündən daha geniş və köynəkdən qısa olan örtüdür. Qadınlar bununla başlarını örtərlər. Üzü və bədəni örtən hər örtüyə də deyilir. Türkcə “Tibyan” təfsiri sahibi (rahmətullahi təala aleyh) buna Milhafə, yəni çölə geyinilən örtü deyir. “Məvakib” təfsirində də və “Lüğəti-Naci”də “car yəni fəracə uzun köynək” olduğu yazılıdır ki, manto deməkdir. Bunun iki parçadan tikilmiş çarşab demək olduğu və qadınların yalnız bu çarşabı geymələri lazım olduğu təfsirlərdə və fiqh kitablarında yazılı deyildir. Hətta “Haramdan olan Cilbab geyənin namazı qəbul olmaz!” hədisi-şərifindəki “Cilbab” kəlməsinə “Kitab-ül-Fiqhi aləl-məzahib-il ərbəa”da qamis, yəni uzun köynək mənası verilmişdir. “Müncid”də də cilbab qamis deməkdir, deyir. “Caliyət-ül-əkdar”ın son səhifəsində də, “Ya Rəbb! Bizə hikmətinin cəlabibini geydir” deməkdədir. Bu hədisi-şərif və bu dua cilbabı kişilərin də istifadə etdiyini bildirir. Şafidə “Əl-ənvər” kitabının haşiyəsində deyir ki, “Qadının namazda geniş, uzun əntari və baş örtüsü ilə örtünməsi və paltarının üstünə qalın cilbab örtməsi müstəhəbdir. Cilbab, milhafə [fəracə, manto deyilən] uzun, geniş əntari örtü və ya baş örtüsü deməkdir”. Ayəti-kərimədəki cilbab kəlməsinə çarşab deyərək geniş və uzun manto ilə örtünməyi rədd etmək, Qurani-kərimi öz rəyi, öz görüşü ilə yanlış təfsir etmək sayılır.

İndi zəmanə belədir, zəmanəyə uyğunlaşmadan mümkün deyil, kimi sözlər doğru deyil. Masonların yaydıqları yalanlardır. Kommunistlər işgəncə edərək, öldürərək müsəlmanları yox edir. Masonlar isə yalan və pozğun sözlərlə müsəlmanları dindən çıxarırlar. Məzhəbsizlər [zındıqlar] da islamiyyəti dəyişdirirlər. Ayəti-kərimə də hədisi-şəriflərə yanlış mənalar verirlər.]

27. Zövcəsindən iznsiz səfərə, hətta nafilə həccə getməməlidir.

28. Zövcəsi namaz qılır və ona itaət edirsə və yad kişilərə açıq-saçıq görünmürsə, ondan başqa evlənməməlidir. Çünki xanımları arasında ədalət və musavat etməyənlər Cəhənnəmə gedəcəklər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurdu ki: “İki zövcəsi olan, ikisinə də müsavi baxmayan qiyamət günü məhşər meydanına yarı əyilmiş olaraq gələcəkdir”.

29. Xanımına qəmini, kədərini, düşmənlərini, borclarını söyləməməlidir.

30. Ona yanında və olmadığı zamanda hər zaman dua etməli, bəddua etməməlidir. Çünki, gecə-gündüz onun üçün çalışır. Onun yemək bişirəni, aşpazı, dərzisi, hamamçısı, malını qoruyanı, yoldaşı, munisi, yarı və nigarıdır.